IQNA

Azərbaycanlı məddah: Həzrət Rüqəyyənin şəhadət anı çox ağır bir müsibətdir

19:24 - September 10, 2021
Xəbər sayı: 3490705
Oxuduğum mərsiyyə, növhə və rövzələr arasında mənə ən çox təsir edəni Həzrət İmam Hüseynin (ə) balaca dürdanə qızı Həzrət Rüqəyyənin müsibəti, onun çətin zülmlərə məruz qalmasıdır.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Məhərrəm ayı və Kərbəla şəhidlərinin əzadarlıq günləri münasibəti ilə Azərbaycanın tanınmış məddahları və Əhli-Beyt (ə) şairlərinin bir neçəsi ilə Azərbaycanda məddahlıq və növhəxanlıq mövzusunda müsahibə edib.

Bu müsahibənin əsas hədəfi Azərbaycanın dəyərli məddahları və Əhli-Beyt (ə) şairlərini tanıtmaq, cavan məddahları tutduqları peşəyə həvəsləndirmək və onları regionun Azərbaycan və Türk dilində danışan xalqlarına tanıtdırmaqdır.

Bu gün qonağımız Azərbaycanın məşhur məddahlarından olan Pərviz Hüseynidir.

Onunla müsahibəmizin mətnini təqdim edirik:

 IQNA: Əhlibeyt (ə) şairi və məddahı olmağınıza səbəb və motivasiya nə olub?

Bildim ki, Peyğəmbərin (s) əmanət qoyub getdiyi Quran və İtrət yolu haqq yoldur və başa düşdüm ki, tarixdə Əhli-Beytə (ə) çox zülmlər olunub. Buna görə də istədim Allahın mənə lütf etdiyi gözəl səslə Allahın dininə və Əhli-Beytə (ə) xidmət edim, xalqıma məddahlıq sənəti ilə haqqı çatdırım və bununla da qismən də olsa, Allahın mənə verdiyi nemətin şükrünü edə bilim.

Təbiiki bu peşəyə, yəni ədəbiyyat, şeriyyat və məddahlığa olan həvəsim də mənə bu yolda stimul oldu. Əlbəttə, sonda hər şey Allahın istəyi və sonsuz lütfü ilə əldə olur və həyata keçir.

 

IQNA: Məddahlığa nə vaxtdan peşəkar formada başlamısınız?

Öncə də qeyd etdiyim kimi, çox kiçik yaşlarımdan məndə şeriyyata, xüsusi ilə də mərsiyə janrında yazılmış qəzəllərə həvəs yaranıb, uşaq vaxtımda evdə özüm üçün oxuyardım. Evdə valideynlərim də mənim bu istəyimə qayğı gəstəriblər və oxumağa həvəsləndiriblər. Sonralar ölkəmizdən mömin insanlar kütləvi şəkildə İran və İraqdakı müqəddəs ziyarətgahlara səfər etməyə başladılar. Bu ziyarət səfərlərindən birində ki, 2018-ci ilin Avqust ayının 28-də təsadüf etmişdi, yolda bəzi mərsiyə və mədhiyyələri özüm üçün zümzümə edirdim. Karvanda olanlar bunu daha ucadan və hamı üçün oxumağımı istədilər. Zəvvarlar mənim mərsiyə və mədhiyyə deməyimi xoşladılar və belə oldu ki, yavaş-yavaş ziyarət səfərlərim çoxladı və məni tez-tez yolda və ziyarət məkanlarında mərsiyə və mədhiyyə oxumaq üçün ziyarət karvanlarına dəvət etdilər. Aylar və illər keçdikcə özümü bu sənətin içində gördüm.      

 

IQNA: Əhli-Beyt (ə) məddahı və şairi olmaq sizin şəxsi həyatınıza nə kimi təsirlər qoyub?

Məddahlıq və növhəxanlıq mənim fərdi, ailəvi və ictiami həyatamı tam təsiri altında saxlayır. Həyatımda bu sənətin müsbət təsirləri çoxdur. Bu sənət səbəb olub ki, mən daim mənəvi məclislərdə və mənəvi insanlarla olum, yəni həmişə mənəvi baxımdan sağlam bir mühitdə oluram. Bu mühit, rastlaşdığım mömin insanlar və alimlər mənim həyat tərzimin mənəvi inkişafına səbəb olub. Başqa sözlə desək, Əhli-Beyt (ə) qapısı nur dəryasıdır, çox bərəkətlidir və istənilən halda bu qapıya gələn bu nur və bərəkətdən faydalanır. Və şükürlər olsun Allaha ki, bizi bu qapının daimi xidmətçilərindən qərar verib və bizi bu qapıya dəvət edib.  

IQNA: İndiyədək icra etdiyiniz mədhiyyə və ya mərsiyyələrdən və ya yazdığınız şeirlərdən hansı birini daha çox sevirsiz, nə üçün?

Oxuduğum mərsiyyə, növhə və rövzələr arasında mənə ən çox təsir edəni Həzrət İmam Hüseynin (ə) balaca dürdanə qızı Həzrət Rüqəyyənin müsibətidir. Xanımın azyaşlı omasına rəğmən böyük cinayətləri görməsi və o qədər çətin zülmlərə məruz qalması və qız uşağı üçün ən ağır və dözülməz olan səhnəni yaşaması, yəni Həzrət İmam Hüseynin (ə) müqəddəs başını qucaqlayaraq can verməsi, ürəyimi çox yandırır və mənə çox ağır gəlir.

kod

IQNA: Əgər sizdən soruşsalar ki, "bir məddah olaraq ən böyük arzunuz nədir", cavabınız nə olar?

Həm bir məddah və növhəxan və həm də bir şiə müsəlman olaraq ən böyük arzum bu dünyada mövlamız, əmr sahibimiz Həzrət İmam Mehdini (ə.f) görə bilmək, onun rikabında xidmət etməkdir və Qiyamət günü Həzrət Zəhranı (s) və İmam Hüseyni (ə) ziyarət edə bilmək və onlarla görüşmək şərəfinə nail olmaqdır.  

Ümumi olaraq da ən birinci arzum bütün müsəlmanların, xüsusi ilə vətənim Azərbaycanda və qardaş ölkəmiz İranda yaşayan müsəlmanların birliyi, vəhdəti və sülh və rifah içində yaşamalarıdır.

   

IQNA: Əhli-Beyt (ə) şairi və məddahı olaraq, xüsusi ilə də indiki şəraitdə İslam dünyası və müsəlmanlar üçün nə kimi mesajınız və tövsiyəniz var?

Tövsiyələrim, elə arzularımla eynidir. Müsəlmanlara vəhdət arzulayıram. Çalışaq müştərək dəyərlərimiz olan Quran və Əhli-Beyt (ə) ətrafında birləşək. Qurani həyat yaşayaq, həyat tərzimizdə Əhli-Beytin (ə) sirə və sünnəsinə əməl edək.  

 

IQNA: Əhli-Beyt üçün şeir deyəndə və ya məqtəl oxuyanda hansı mənbələrdən istifadə edirsiz?

Əlimizdə olan mümkün etibarlı mənbələrdən istifadə edirik. Ayətullah Reyşəhrinin qələmə aldığı "Şəhadət"namə kitabdan rövzələr oxuyuram. Bundan əlavə bir sıra mühüm qaynaqlara, o cümlədən, Seyyid Tavusun "Lühuf" kitabına da müraciət edirəm.

Həmçinin Əhli-Beyt (ə) məddahları və şairlərinin, o cümlədən rəhmətlik Münzəvi, ustad Kəlami və Qəffari kimi böyük ustadların yazdıqları şeirləri oxuyuram. Mərsiyəxanlardan rəhmətlik Səlim Müəzzinzadə və Seyid Baqir Mənsuriyə çox qulaq asıram, dostlarımız Hacı Möhübbət və Seyyid Talehin rövzələrini dinləyirəm.

IQNA: Çox sağ olun, dəyərli vaxtınızı bizim üçün ayırdığınız üçün, təşəkkür edirik.

- Siz də çox sağ olun, zəhmət çəkibsiz, təşəkkür edirəm. IQNA-nın bütün kollektivinə, o cümlədən rəhbərliyinə salam-dualarımızı çatdırın.

captcha