IQNA

Mübarək Qədr gecələrində Allah nə istəyək və necə istəyək?

18:07 - April 30, 2021
Xəbər sayı: 3489718
Ramazan ayının yarısından keçmişik və İlahi ziyafətin şah zirvəsi olan Qədr gecələrinə doğru hərəkətdəyik. Allahdan istəyimiz budur ki, bizlərə bu nurani gecələrdən layiqincə bəhrələnməyi, nəsib etsin!

Mübarək Ramazan ayının yarısından çoxunu geridə qoymuşuq. Artıq bu İlahi ziyafətin şah zirvəsi olan Qədr gecələrinə doğru hərəkətdəyik.

Allahdan istəyimiz budur ki, bizlərə bu nurani gecələrdən layiqincə bəhrələnməyi, bu gecələrdən tövbəli halda çıxmağı nəsib etsin!

Qədr gecəsi nəyə oxşayır?

Böyük əxlaq ustadları, mənəviyyat təbibləri Qədr gecələrinə hazırlaşanlar üçün bir neçə xüsusi tövsiyələr edirlər. Bəhsimizdə bu tövsiyələr əsasında bir sıra çıxarışları sizlərə təqdim etmək istərdik.

Birincisi, əxlaq ustadları tövsiyə edilər ki, Qədr gecələri ilə Qiyamətin oxşarlığına diqqət edək. Qədr gecəsi ilə Qiyamətin bir oxşarlığı var. Qədr gecəsində insan oyaqdır, ayıqdır, diqqət edir ki, halı, durumu, vəziyyəti, necə olacaq, bu gecədən necə çıxacaq? Bir gecədir ki, Allah Təala Öz qüdrəti ilə Quranı həmin gecədə nazil edib. Bir gecədir ki, Allah Təala “siz nə bilirsiz bu gecə nədir?” deyə buyurur. Bir gecədir ki, bu gecə haqqında Rəbbimiz izah verərkən, onda mələklərin nazil olduğunu bəyan edir.

Mələklər və ruh bu gecədə Allahın əmrlərini yerinə yetirmək üçün, müqəddəratı hesablamaq, bu işləri sahmana salmaq üçün nazil olurlar. Dövrün Məsumunun (ə) qəlbinə nazil olurlar. Qədr gecəsi – belə bir möhtəşəm gecədir. Bu gecənin Qiyamət gününə oxşarlığı var. Qiyamətdə də insanlar ayaqda olacaq, diqqətli olacaq, aqibətlərinin necə olacağının intizarında olacaqlar. Qədr gecəsində də insan bu cür diqqətlidir.

Amma Qədr gecəsində Qiyamətdən fərqli olaraq, insanlar, möminlər bunu iradəvi olaraq edirlər. Mühüm mövzu budur ki, biz Əhya gecələrində bu gecənin Qiyamətlə uyğunluğuna diqqət edək. Sanki kiçik bir Qiyamətdir, amma Qiyamət baş verməyib. Bir sınaq, fürsətdir ki, həmin Qiyamət səhnəsinə hazırlaşa bilək.

Aza qane olmamaq istəyi

İkinci mühüm tövsiyə budur ki, bu gecədə ümidli olaq və aza qane olmayaq. Bol-bol ümidlə bu gecəyə daxil olmaq lazımdır. Çünki, Allahın qonaqlarıyıq. Allah Təala Özü bizi ziyafətinə dəvət edib. İndi də bir gecələrdəyik ki, ən mühüm hissə buradadır. Min aydan üstün bir gecədir. İndi qonağıyıq, ümidimiz olacaq, çünki, Allah Təala Özü ev sahibidir. İnsanşünaslar, əxlaqşünaslar tövsiyə edirlər ki, aza qane olmayaq. Bu gecənin hər saatını qənimət bilək. Bu gecənin əməllərinə diqqət edək.

Bu gecənin qüslunu alarkən, tək cismimizi deyil, ruhumuzu da paklayaq. Bütün əzalarımızı paklamaqla bərabər, tövbələrimizi edək, ruhumuzu, qəlbimizi bu gecə üçün hazırlayaq. Bu gecədəki “bikə”lərin fərqində olaq. Kimə and veririk, niyə and veririk – bunun təfavütündə olaq.

Əgər insan özünü bu gecədə Allah hüzurunda hiss etsə, halı dəyişər. Bu gecə “Təvəssül” gecəsidir. Bu gecədə Allahı ən gözəl yaratdıqlarına and verib, bağışlanma istəyək. Bu gecədə ikirükətli namaz var ki, insan o namazı qılsa, o namazdan qalxan zaman ata-anası bağışlanmış olar. Belə bir fövqəladə gecədir. Ona görə də azla qane olmayaq. Bu gecəyə ümid dolu halda daxil olaq. Min ayda gedilməli yolu br gecədə gedə bilərik.

Onun Özünü duymaq

Üçüncü tövsiyə budur ki, bu gecələrdə Allahın Özünü istəyək. O ki, namaz qılırıq, oruc tuturuq, dua oxuyuruq, münacat edirik, zikrlər deyirik – bunlar hamısı gözəl, mühüm, önəmlidir, amma hamısı müqəddimədir. Bunlar hamısı müqəddimədir ki, biz bir hala, ovqata gələk ki, Allahın Özü ilə ünsiyyətdə olaq. Yəni, biz bu gecədə Allahın Özünü istəyək. Çünki, namaz da, oruc da, digər ibadətlər də onun üçündür ki, biz Allahın Özünü hiss edək, ibadətin ruhunu dərk edək.

Bu, bir gecədir ki, heç bir mömin, mütədəyyin gərək özündən arxayın olmasın. Hər birimiz gərək öz günahlarımızın, xətalarımız, qəflətlərimizin fərqində olaq. Düzdür, ümidli olmalıyıq, amma bütün bunları da unutmamalıyıq.

Günahlarımıza diqqət, onları xatırlama, tövbə, peşmançılıq ruhiyyəsi olmalıdır. Əgər görürüksə ki, qəlbimiz qəsavət halından təmizlənmir – bilək ki, nəyisə hələ yaddan çıxarmışıq, xatırlamamışıq, gərək onu yada salaq və tövbə edək. Səhvlərimizi yaxşıca anlayaq, ondan sonra peşmançılığımız olsun, sonra isə tövbəli ruhiyyədə olaq. Bu gecədə xalis tövbə etmək üçün min aydan üstün fürsətlər var.

Bu gecə insanlarla qayğı və sevgi ilə olaq. Bu gecədə öyrənməli, sonra isə bütün ömrümüz boyu bu cür olmalıyıq. İnsanlara məhəbbət, sevgi, qayğı olsa, Allahın da məhəbbətini, qayğısını, sevgisini qazanarıq. Bu istiqamətdə min aylıq yol gedə bilərik.

Eqoların çərçivəsindən çıxmaq

Bu gecədə qəlb genişliyinə nail ola bilərik. Öz kiçik eqomuzdan çıxaq. Dualar, münacatlar vaxtı bir qədər böyüyək, qəlbimiz geniş olsun. Yalnız özümüz və yaxınlarımızla dualarımızı məhdudlaşdırmayaq. Böyüyək, o zaman dualarımız da böyüyər. Eqoların üzərində deyil, ancaq özümüzün dar çərçivəsində deyil, geniş qəlblə bu gecədən istifadə edək. Bu gecədə hər kəsi, bütün bəşəriyyəti, insanları, qonşuları dua edək. Qəlbin genişliyi onun sağlamlığına təsir edən ən mühüm amillərdəndir.

Bu gecədə fürsət var ki, ehtiyaclıları yada salaq. Çünki, orucun bir fəlsəfəsi də budur ki, insan aclıq hiss etsin və bilsin ki, aclıq nədir. Bu gecələrin şəhidi – İmam Əli (ə) – ən kamil ehtiyaclıları yada salan şəxsdir. Biz də ehtiyaclıları yada salaq. Bəzən insanların ehtiyacları heç də maddi olmur, bir təbəssüm belə, bir insanın ehtiyacını ödəyə bilər.

Ona görə, insanların ehtiyaclarına diqqət edək. Kin-küdurət dolu bir qəlb əhya gecələrini doğru-dürüst yaşaya bilməz. Əgər qəlbimizin dirilməsini, oyanmasını, əhya etməsini istəyiriksə, gərək bu qəlbimizi bütün çirkinliklərdən, eybəcərliklərdən təmizləyək. Qəlbimizi kin-küdurətdən, paxıllıqdan, eqolardan təmizləyək.

Birgə dua etmək

Bu gecə valideynlərə məhəbbətə diqqət edək. Valideynlərə məhəbbət çox ciddi mövzudur. Əsas mövzu da budur ki, biz öz mənəvi valideynimiz, mənəvi böyüyümüz, Zəmanə Sahibi (ə.f) ilə münasibətimizə diqqət edək.

Əxlaq ustadları tövsiyə edirlər ki, bu gecələrdə rifah üçün, toplumun imkanının artması üçün dua edilsin. Çünki, fəqirlik və imkansızlıq çətin bir mövzudur. Dualarımızda toplumun rifahının artması, insanların imkanlarının yaxşılaşmasını istəyək. O amillər ki, insanların fəqir, imkansız olmağına aparır – onların da sıradan çıxması üçün dua edək.

Bu gecənin önəmli tövsiyə olunan məsələlərindən biri də bir yerdə olmaqdır. Bu karantin vəziyyətdində təəssüflər olsun ki, canlı bir yerdə olmaqla bağlı məhdudiyyətlər var. Amma bütün mümkün vasitələrdən istifadə etməklə, onlayn qaydada da olsa, insanlar birlikdə dua etməli, Allahdan birlikdə istəməlidir. Çünki, cəmin duaları, cəmin ibadətlərinin bərəkətləri çox yuxarıdır.

Tövsiyə edirlər ki, bu gecələrdə ruhiyyəmizə uyğun dualar edək. Baxaq görək ki, qəlbimiz hansı növ dua istəyir, hansı növ qidalar qəbul etmək istəyir. İnsan ona uyğun dualar etsə, bunun faydası olar.

Hesab-kitab fürsəti

Bu gecələrdə Quranla şüurla, tədəbbürlə ünsiyyətə diqqət ayıraq. Allah bizə Quranla təmasımızı nəsib etsin!

Bu gecələrdə təfəkkür edək və öz halımızı hesab-kitab edək. Oturub öz halımız haqqında düşünək, öz vəziyyətimiz haqqında fikirləşək. Görək ki, biz nə vəziyyətdəyik, hansı haldayıq. Allah bizi nə üçün yaradıb və biz nə üçün yaşayırıq? Baxaq ki, bunlar arasında nə qədər fərq var? Bizim hansı gücümüz və imkanlarımız var, hansı gecə və imkana yiyələnməliydik, onlar arasında hansı fasilə var? Oturub hesab-kitabımızı edək. Orucumuzun, namazımızın, yaşayışımızın, ibadətlərimizin, davranış və əməllərimizin hesab-kitabını edək. Hər bir məsələmizin hesab-kitabı olmalıdır. Bu gecədə imkan var ki, Allah bu hesab-kitaba, bu mühasibəyə bərəkət versin, həyatımızda dəyişmə baş versin. Allah bizlərə halımızın, durumumuzun, təfəkkür və nəfsimizin hesab-kitabını nəsib etsin!

Bu gecələrdə ölümü yada salaq. Bu gecədə fürsət var ki, ölümü, bu dünyaya vida edəcəyimiz anı yada salaq. Labüddür ki, bir gün hamımız ölümü dadaq. Amma, bu dünyadan gedəndə nə halda olacağıq, nə durumda olacağıq, nələrdən narahat olacağıq? İndi fürsət var ki, həmin günə hazırlaşaq.

Bu gecə Peyğəmbər (s) və onun pak Əhli-Beyti (ə) ilə uyğunluq yaratmaq gecəsidir. Həzrət Rəsulallahla (s), Həzrət Əli (ə) ilə, Xanım Zəhra (s.ə) ilə, Əhli-Beytlə (ə) sinxiyyət, uyğunluq yaratmaq fürsətimiz var.

Bu gecələr fürsətdir ki, Zəmanə Sahibi (ə.f) ilə beyətimizi təzələyək, Mövlanın (ə.f) intizarında necəliyimizi yaxşıca yoxlayaq. Bu gecə bir fürsətdir ki, Mövla (ə.f) ilə münasibətimizin necəliyinin fərqində olaq. Bir gecədə bütün bu işləri görüb, min aydan üstün xeyirlə, bərəkətlə bu gecədən çıxa bilərik. Allah Təala halımıza bunu şamil etsin!

Allahım, bizləri Qədr gecəsini dərk edənlərdən qərar ver!

Allahım, bizləri eqolarımızın buxovundan azad olandan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

captcha